Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsndə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Eks-icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Dövlət ittihamçısı çıxışında keçmiş icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da gələcək taleyinə münasibət bildirib.

Prokuror deyib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib və üzərinə həbs qoyulmuş əmlakların cinayət yolu ilə əldə edildiyi müəyyən edilib.

Bu əsasla A.Məmmədovun aşağıda qeyd olunan 2 milyon manatlıq əmlakının dövlət nəfinə müsadirə olunmalıdır:

1. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);

2. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

Qeyd edək ki, istintaq dövründə A.Məmmədovun ailəsinə məxsus, bazar dəyəri 8 milyon manat qiymətləndirilən “AzForel” MMC-nin də üzərinə həbs qoyulmuşdu.

Növbəti prosesdə vəkillər ittihamçının çıxışına münasibət bildirəcəklər.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham irəli sürülüb. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.