Sentyabrın 26-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yevlax və Mingəçevirdən olan vətəndaşların müraciətlərini dinləyib.

"Unikal" xəbər verir ki, DGK sədri qəbuldan öncə Yevlax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Yevlax və Mingəçevir şəhərlərinin sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.