Moskvanın Savyolovo Rayon Məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya şousunun keçmiş oyunçusu Rövşən Əsgərovu paylaşımlarında “xarici agent” qeydini etmədiyinə görə yenidən 40 min rubl (705 manat ) cərimələyib.

"Unikal" xəbər verir ki, avqust ayında məhkəmə onu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agentin fəaliyyəti qaydasının pozulması) ilə sosial şəbəkələrdə “xarici agent” qeydi etmədən yazılara görə eyni məbləğdə artıq cərimələyib.

Əsgərov 2022-ci ilin dekabrında “xarici agent” kimi tanınıb. Onunla bağlı, həmçinin nasizmin reabilitasiyası da araşdırılır. İstintaq müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq özünün “Facebook” səhifəsində marşal Georgi Jukovu təhqir edən və gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Qeyd edək ki, Əsgərov federal axtarışdadır.