19-21 sentyabr 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və şöbənin əməkdaşı Xalidə Məlikova Gürcüstanın Kutaisi şəhərində keçirilən “Transport Bridge Europe-Asia” adlı 7-ci Polşa-Gürcüstan Beynəlxalq Elmi-texniki Konfransında iştirak ediblər.

"Unikal" xəbər verir ki, T.Babayev açılış mərasimində çıxış edərək konfransın təşkilatçısı olan  Akaki Tsereteli Universitetinin rəhbərliyinə və təşkilat komitəsinə minnətdarlığını bildirib, universitetin 90 illik yubileyi ilə əlaqədar iştirakçıları təbrik edib. Alim bu ilin may ayında Azərbaycanda oxşar mövzuda keçirilən “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) barədə tədbir iştirakçılarına məlumat verib. Çıxışının sonunda T.Babayev təmsil etdiyi qurum adından Kutaisi Universitetinin rektoruna hədiyyə olaraq Azərbaycan xalçası təqdim edib.

Konfransda T.Babayev “Avrasiya ölkələrində rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılmasının əsas prinsipləri və layihənin təhlili” mövzusunda, X.Məlikova isə “Aİ tərəfindən maliyyələşdirilən tədqiqat proqramlarına ön portal olan COST proqramı” adlı təqdimatlarla çıxış ediblər. Səfər çərçivəsində İSİ əməkdaşları müxtəlif ölkələrin, o cümlədən Polşa, Litva, Macarıstan, Özbəkistan və Gürcüstan alimlərilə görüşlər keçirmiş və gələcək əməkdaşlıq əlaqələri barədə danışıqlar aparılmışdır. Görüşlərdə Özbəkistanın Dövlət Nəqliyyat Universitetinin professorları Rüstam Rəhimov və Yadqar ilə dəmir yolunda qatarların hərəkəti zamanı yatağın texniki vəziyyətinin monitorinqi mövzusunda birgə elmi tədqiqat işləri aparmaq üçun ilkin razılıq əldə edilmişdir.