İsrailin turizm naziri Haim Katz Birləşmiş Millətlər Təşkilatının konfransı üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib. Katz İsraildən Səudiyyə Ərəbistanına gedən ilk nazir olacaq.

"Unikal" xəbər verir ki, İsrail Turizm Nazirliyindən verilən yazılı açıqlamaya görə, Katz 27-28 sentyabr tarixlərində keçiriləcək Dünya Turizm Təşkilatı konfransı üçün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə gedib. Katzın iki günlük səfəri çərçivəsində xüsusilə Yaxın Şərqdən olan həmkarları ilə görüşlər keçirəcəyi bildirilib.

İsrailin turizm nazirinin səfəri bu ölkədən Səudiyyə Ərəbistanına ilk nazir səfəri kimi qeydə alınıb.

İsrailli nazirin Səudiyyə Ərəbistanına səfəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İsrailin baş naziri Binyamin Netanyahunun iki ölkə arasında normallaşma razılaşması üçün aparılan danışıqlarla bağlı verdiyi "müsbət mesajlardan" sonra baş tutub.

Bin Salman Fox televiziyasına verdiyi son müsahibədə İsraillə normallaşma razılaşmasına "hər gün daha da yaxınlaşdıqlarını" söylədi. Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışında da "Səudiyyə Ərəbistanı ilə tarixi razılaşmanın astanasında olduqlarını" bildirib.

Səudiyyə Ərəbistanının Fələstinə təyin etdiyi ilk səfir Nayif Bəndər əl-Sudeyri bu gün işğal altındakı İordan çayının qərb sahilindəki Ramallaha gələrək etimadnaməni Fələstin prezidenti Mahmud Abbasa təqdim edib.

Səfirin səfəri Səudiyyə Ərəbistanından rəsmi nümayəndə heyətinin Fələstin administrasiyasına ilk rəsmi səfəri olub.