Sentyabrın 29-da Akademik Azad Mirzəcanzadənin 95 illiyinə həsr olunmuş “Neft-qaz çıxarmada innovasiya texnologiyaları” adlı Beynəlxalq Elmi-Təcrübi Konfrans keçirilib.

"Unikal" xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanan, neft və qaz mədən mexanikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi akademik Azad Mirzəcanzadə haqqında çıxışlar olub, geniş məruzələr dinlənilib.

Konfrans başlamamışdan öncə iştirakçılar, o cümlədən Rusiya, Qazaxıstan və Başqırdıstandan konfransa qatılmaq üçün gələn neftçi-geoloq alimlər Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini, eləcə də görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini böyük ehtiramla yad ediblər. Sonra iştirakçılar akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib ruhuna dua oxuyublar.

Marriott hoteldə keçirilən konfransda “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” ETİ-nin direktoru, professor Rauf Əliyarov konfrans haqqında içtirakçılara məlumat verdikdən sonra SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə akademik Azad Mirzəcanzadə haqqında xatirələrini bölüşüb. O, akademik A.Mirzəcanzadə ilə birlikdə çalışdığını qeyd edərək onun nəinki Azərbaycanda, bütün dünyada tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmalarından, neft sənayesinin inkişafına verdiyi töhfələrdən bəhs edib. 

Konfransda çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov akademik A.Mirzəcanzadənin ölkəmizin neft sənayesinin inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Akademikin elmi uğurlarından danışan dosent Vazeh Əskərov onun ölkəmizə, neft sənayesinə verdiyi ən böyük töhfələrindən birinin həm də yetişdirdiyi mühəndis kadrların, neftçilərin olduğunu, bu mütəxəssislərin həm də ADNSU-nun adını uca tutduğunu deyib. O ölkə hüdudlarını aşaraq dünyanın 4 bir tərəfində neft sənayesində böyük uğurlara imza atmış Azİİ məzunlarının A.Mirzəcanzadə və onun kimi unudulmaz alimlərimizin davamçıları olduğunu və bu missiyanı hər zaman yüksək səviyyədə icra etdiklərini bildirib.

Konfransda SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək akademik A.Mirzəcanzadənin fəaliyyət istiqamətinin genişliyindən, əvəzsiz xidmətlərindən danışıb xatirlərini bölüşüblər.

Həm oflayn, hə də onlayn formatda davam edən konfransda iştirak edən qonaqlar akademik A.Mirzəzanzadə haqqında geniş məruzələrlə çıxış ediblər, onun təkcə öz vətəni Azərbaycan üçün yox, digər dost xalqların, ölkələrin neft sənayesinin və elminin inkişafındakı rolundan danışıblar. Konfrans pelenar seminarlarla davam edib.