Sumqayıt şəhərində yerləşən “28 May“ Mədəniyyət evində YAP Qubadlı rayon təşkilatının və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin Müasir Azərbaycanın tərəqqisində rolu” və “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçildi.
"Unikal"
xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, YAP-nın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə kuratoru Elmar Məmmədov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, ziyalılar, YAP Qubadlı rayon təşkilatının aparatının məsul əməkdaşları, partiya fəalları, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu və Şəhidlərin abidə kompleksi ziyarət olundu.
Tədbir iştirakçıları Qubadlı rayon məktəblərinin şagird kollektivinin rəsm və əl işləri ilə bağlı hazırladığı  sərgi ilə tanış oldular .
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir Ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başladı.
Məruzə ilə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünya siyasətində hər daim özünəməxsus yeri və mövqeyi ilə ön cərgədə qərarlaşmış Heydər Əliyev ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafına, tərəqqisinə həsr etmişdir.Respublikamız müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub.
Antiterror tədbirlərinin həyata keçirilməsi, müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, onun beynəlxalq sahədə tanınmış ərazilərində qanunsuz erməni silahlı qruplarının lokallaşdırlması istiqamətində atılan addımlardır. Azərbaycan dövləti digər dövlətlər kimi öz ərazisində qanunsuz hərbi birləşmələrin yerləşməsinin əlehinədir. Azərbaycan beynəlxalq hüququn aliliyini qoruyaraq öz suverenliyini bərpa etdi. Bütün bunların məhz bu il - Ümummilli lider Heydər Əliyev ilində baş verməsi, Ulu öndərin müstəqil Azərbaycanın bütövlüyü haqqında arzularının gercəkləşməsi istiqamətində cənab Ali Baş komandanın atdığı cəsarətli addımlardır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin üzvüxanım Pərvin Kərimzadə bildirdi ki, Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir.
Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxışında vurğuladı ki, Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında qeyd edib ki, Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir 
Çıxışçılar, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Sumqayıt şəhər 3-cü mikrorayon ünvan ərazi partiya təşkilatının sədri, Bəhmən Mehdiyev adına Qubadlı şəhər 2 saylı məktəbin direktoru xanım Rəhminə Mehdiyeva, 2-ci Qarabağ müharibəsinin veteranı, qazi, polkovnik, partiya fəalı Ehtiram Məmmədov çıxışlarında bildirdilər ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.
Qubadlı  Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 29 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.
Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Malik İsaqov çıxışının sonunda qeyd etdi ki, Qarabağda sülhün təmin olunması üçün erməni silahlı birləşmələrinin tərksilah edilməsi üçün, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Cənab prezdentin apardığı siyasət Azərbaycan xalqının uğurlu gələcəyi üçün hesablanıb.Beynəlxalq aləmdə  Azərbaycanın müstəqil dövlət kimi formalaşması üçün önəmli addımlardan biridir .Qubadlı rayon sakinləri hər zaman Cənab prezident İlham Əliyevin apardığı siyasəti daim dəstəkləyir.Xalq ordu birliyi bunun bariz nümunəsidir .
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.
Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.