Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən Natiq Qasımovun taleyi hələ də naməlumdur.

“Unikal” Xocalı əsirlərinin öldürülməməsi üçün Azərbaycan bayrağı ilə təslim olan Natiq Qaımovla bağlı dosyeni təqdim edir: 

Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib.

1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Erməni terrorçu Vitali Balasanyan Xocalıdan əsir düşmüş Cəfər müəllimi Natiqlə danışığa göndərərək təslim olmağı tələb edib. Əks təqdirdə onu Xocalı əsirlərini öldürməklə hədələyib. Natiq Xocalı əsirlərinin zərər görməməsi üçün bayrağımızı da özü ilə götürüb təslim olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.

Bu günə qədər Natiq Qasımovdan heç bir xəbər yoxdur. Rusiyalı jurnalist Konstantin Simirnovun və italyalı fotomüxbir Erniko Sarzini çəkdiyi son fotoları onun itkin düşməsi xəbərini gündəmə gətirib. 2021-ci ildə britaniyalı rejissor Karan Sinqh araşdırmalara başlayıb və qeyri-rəsmi məlumata görə, Natiq Qasımovu terroçu dəstə başçısı Vitali Balasanyan Əsgəranda doğrayaraq qətlə yetirib.

Lakin ailəsi Natiqin hələ də sağ olduğuna inanır. 

2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədi ilə yaradılan “ASASmedya”, Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verilib. 

Atası Səlim kişinin dediklərindən: “Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin “Qarabağ şahinləri” dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm”.

Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri:

"Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. 

Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.

Fotoları Rəsul Həsən rəngləyib