Çexiyanın hərbi sahədə siyasətinin əsas vəzifəsi texnoloji cəhətdən inkişaf etmiş düşmənlə uzunmüddətli müdafiə müharibəsinə hazırlaşmaqdır.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Çexiya Mətbuat Agentliyi (CPA) respublika hökuməti tərəfindən təsdiq edilmiş yeni müdafiə strategiyasına istinadən yayıb.

“Rusiyanın artan aqressivliyi ilə əlaqədar Çexiyanın müdafiə siyasətinin əsas vəzifəsi nüvə silahı ilə təchiz olunmuş texnoloji cəhətdən inkişaf etmiş düşmənlə uzunmüddətli, yüksək intensivlikli müdafiə müharibəsinə hazırlaşmaqdır”.

Qeyd olunur ki, kollektiv müdafiə əməliyyatlarında istifadə oluna bilən, yaxşı silahlanmış, təchiz edilmiş, təlim keçmiş və döyüşə hazır silahlı qüvvələrin yaradılması prioritet istiqamətə çevrilib.

Müdafiə Nazirliyinin rəisi Yana Çernoxova Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında qeyd edib ki, bu proseslər silahlı qüvvələrin davamlı modernləşdirilməsi ilə sıx bağlıdır. Onun sözlərinə görə, digər vəzifə respublika ərazisinin hərtərəfli operativ hazırlanması və potensial olaraq çoxlu sayda müttəfiq qüvvələrin qəbulunu, hərəkətini və dəstəyini təmin etməkdir.

Müdafiə strategiyası bu il iyunun sonunda hökumət tərəfindən təsdiq edilmiş təhlükəsizlik strategiyasının davamıdır.