Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bu günkü çıxışında Ağdamda Qarabağ Universitetinin inşa ediləcəyini bildirib.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən dilçi ekspert Gülər Mübariz bildirib ki, 44 günlük Vətən müharibəsi və ötən ay həyata keçirilənantiterror əməliyyatlarından sonra Azərbaycanın bütün ölkə ərazisində öz suveren hüquqlarının bərpası, Qarabağ iqtisadi regionunda yenidənqurma və bərpa işləri içərisində təhsil ocaqlarının inşası ən vacib amillərdən biridir:

"Digər bir tərəfdən də, məlum olduğu kimi, Xankəndində Sovet dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakı Dövlət Universitetinin Xankəndi bölməsi,sonradan isə Xankəndi Dövlət Universiteti fəaliyyət göstərib. 30 illik işğal dövründə bu universitetin texniki və elmi bazası yerlə-yeksan edilib. Ona görə də, həm Xankəndi Dövlət Universitetinin elmi-texniki bazasının müasir tələblərə cavab verən formada təşkili, həm də Ağdamda inşa ediləcək ali təhsil ocağı Azərbaycan elminə böyük töhfə vermiş olacaq". 

Gülər Mübariz paytaxt Bakıda fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarının Qarabağ iqtisadi regionuna köçürülməsinin vacibliyini də qeyd edib. Ekspert hesab edir ki, bu, həm bölgənin inkişafına, həm də turizmin müxtəlif sahələrinə öz müsbət təsirini göstərə bilər:

"Bundan başqa istər Xankəndi, istərsə də, yeni inşa ediləcək ali təhsil ocaqlarında ciddi, müasir tələblərə cavab verən bölmələrlə yanaşı, Qədim Azərbaycan tarixi və dili, ədəbiyyatı, Qarabağ folkloru, xalçaçılıq və digər əhəmiyyətli fakültələrin olması vacibdir".

Seymur Əli