"Bakıda tullantı sularının 40 %-i mərkəzləşdirilmiş təmizlənmədən keçmədən ətrafa axıdılır ki, burada söhbət 1 milyon kubmetr sudan gedir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, başqa bir problem irimiqyaslı layihələrin icrası zamanı qeydə alınan uyğunsuzluqlardır: “İrimiqyaslı layihələr qurulur, kollektorlar çəkilir, lakin burada uyğunsuzluqlar olur. Məsələn, Pirşağıda 60 min insan üçün nəzərə tutulan təmizləyici qurğu qurulub, amma tullantı sularını təmizləyici qurğulara yönəldən kanalizasiya sistemləri qurulmayıb. Lökbatanda sutəmizləyici qurğu yoxdur, amma bütün xətlər çəkilib. Demək istəyirəm ki, layihələrin bir-birinə uyğunlaşdırılması yaxşı olardı. Bundan başqa, neftlə çirklənmiş ərazilər Abşeronun uzun onilliklərinin problemləridir. Hökumətə müraciət etmişik və neftlə çirkləniş torpaqların təmizlənməsi üzrə 2024-2030 illər dövlət proqramı təklif olunub”.

Nazir müşaviri əlavə edib ki, sahibkarlıq subyektlərinin yoxlamalardan azad edilməsi digər problemlərdəndir: “Zavodlardan ətraf mühitə külli miqdarda tullantı atılır. Bizim səlahiyyətimiz yoxdur ki, zavoda daxil olub monitorinq edək. Çünki biz sübut etməliyik ki, bunun əhaliyə ciddi təsiri var. Buna görə də özəl sektorun, sahibkarların özlərinin korporativ məsuliyəti olmaldır".

Anar Kəlbiyev