“Oğlum, sən dünyaya gələndə Allahın əmriylə kişilik qüdrətinə sahib doğuldun. Bu əzəməti sənə bəxş edən İlahi qüdrətə şükür et, varlığına sığın, sənə əmanət etdiklərinə sahib çıx. Yaradan onu sənə əmanət verib, qüsurunu qabırğanın əyriliyinə bənzədib, sındırma onu, oğul bala… Qadın güc simvolu deyil, gücünə arxalanma , çalış Allahın yaratdığı bu incə məxluqu qoruyasan. Bəlli məsələdir ki, sənin ona gücün çatar, Allah o qüdrəti verib sənə.Amma o gücü “əyri qabırğanı sındırmağa yox,təlafi etməyə verib” 

Saçlının ahını alma, ağıllı balam, ağırdır, çəkə bilməzsən… Göz yaşına səbəb olma, gözəl oğlum, silməyə çalış. Gülüstanı soldurmağa cəhd etmə, xəzanında sən də məhv olarsan. Əksinə, yaşa, sevginlə çiçək açdır, əmin ol, bu cənnətdən sənə də pay düşəcəkdir. Sən də nəsibini alarsan ,xoşbəxtliklə gülən qadının gözlərindən, gülüşü ömrünə bərəkət yağdırar. Axan hər damla göz yaşı səni bir sel kimi ağuşuna alar, cəhənnəm oduna sürükləyər, Allah qorusun. Sənə bir ayə oxumuşdum,xatırlayırsanmı?

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21.
Bir gün mən olmasam belə, bu söylədiklərimi unutma. Mənə inanmasan belə, Allahın yazdığına sitayiş et, inan, güvən və xoşbəxt ol…
Qadın susarsa, dünya susar, özün öz əlinlə qadını səndən üz çevirməyə vadar etmə. Əks təqdirdə gedəcək, geridə buraxdığın üzü dönmüş biri olaraq qalacaq. Gələcəyinə ləkə, xələl gətirəcək heç bir iz buraxma keçmişində. Bir də bir şeyi unutma…Sənin anan da bir qadındır!”

Yaşadığımız cəmiyyətdə hər bir ananın öz oğluna körpə ikən təlqin etməli olduğu bir hekayə, ya da davranış qaydası. 
Əziz analar, oğlumuzu qolu zorlu yox, sağlam əqidəli böyüdək. Axı bizim də qızımız var. Qızımıza,özümüzə rəva görmədiyimiz heç bir davranışı “xalxın qızına” da rəva görməyin.

Azərbaycan qadınına sevgi, kişisinə hörmətlə,

Gülər Mübariz