Azərbaycanın məşhur plastik cərrahı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya (qulaq, burun- boğaz) Kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, Məzahir Quliyev Türkiyədə həm Türkiyə, həm də Azərbaycan tibb tarixində bir ilkə imza atıb.

"Unikal" xəbər verir ki, Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Rinoloqlar Cəmiyyəti ilə Türkiyənin Uluslararası Sağlıq Egitim Araşdırmalar Dərnəyi (USEAD) arasındakı anlaşmaya əsasən, 30 senytabr -1 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESS) və rinoplastika əməliyyatları üzrə kadavra kursları təşkil olunub. Kurslara Azərbaycandan olan 14 nəfərdən ibarət cərrah-otorinolarinqoloqlar (qulaq, burun-boğaz cərrahları) heyəti qatılıb. Kursların təşkili ilə Azərbaycan-Türkiyə səhiyyə əlaqələri tarixində bir ilkə imza atılıb.

Qeyd edilib ki, kursların həyata keçirilməsində məqsəd müasir praktikada geniş tətbiq edilən FESS və rinoplastika əməliyyatlarının incəliklərini müasir tibbi protokollara uyğun nümayiş etdirmək, azərbaycanlı cərrahların bu əməliyyatları nəzarət altında həyata keçirmələrini təmin etmək, onların təcrübələrini artırmalarına dəstək verməkdən ibarət olub: 

"Azərbaycanlı mütəxəssislərin öz bilik və bacarıqlarını daha da təkmilləşdirməsi üçün “I Kadavra Diseksiyon” kursu çərçivəsində kadavra (meyit) üzərində rinoplastika və FESC əməliyyatları həyata keçirilib. Kurslar Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev və Türkiyənin USEAD başkanı, professor Selim Erbekin rəhbərliyi altında baş tutub. Azərbaycanda Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESS) və rinoplastika əməliyyatları üzrə kadavra kursunu həyata keçirmək üçün lazımi şərait olmadığına görə, kursun qardaş ölkə olan Türkiyədə həyata keçirilməsi qərara alınıb".

Dr. Məzahir Quliyevin rəhbərliyi altında baş tutan Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESS) və rinoplastika əməliyyatları üzrə kadavra kursu Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikinci tədbiridir. Ulu Öndərin yubileyi ilə əlaqədar birinci tədbir (Beynəlxalq konfrans və canlı cərrahiyyə kursu) 2-3 iyun tarixlərində paytaxt Bakıda baş tutub.

Qeyd edək ki, Dr.Məzahir Quliyev Azərbaycanın ən yaxşı Lor-plastik cərrahı kimi tanınır. Unikal əməliyyatları ilə məşhurlaşan həkim, bir çox yeniliklərini patentləşdirib.