2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu Şəhidlik zirvəsinə yüksəlib.  Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Aqşin Vasif oğlu antiterror tədbirləri  zamanı igidlik göstərərək qəhrəmanlıq dastanı yazdılar.

"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov antiterror tədbirləri  zamanı yaralanmış igid Vətən oğulları - Qızıl Hacılı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Rahib Ayət oğlu, Yuxarı Salahlı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Allahyarov Ramil Cəlal oğlu, Aşağı Salahlı kənd sakini, (MAHHXHQ) çavuş Yusubov Rəhman Kamil oğlu, Xanlıqlar kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Füzulinin  azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, (MAHHXHQ) Məmmədov Sənan Niyazi oğlu, Yuxarı Salahlı kənd sakini, müddətli həqiqi hərbi xidmətdə olan əsgər Qocayev Emin Anar oğlu ilə görüşüb.

İcra aparatının məsul işçiləri ilə birlikdə yaralılarımızın qayğıları ilə maraqlanıb, istəklərini, təkliflərini dinləyib.

İcra başçısı Rəcəb Babaşov antiterror tədbirləri  zamanı yaralanmış Yuxarı Salahlı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş gizir Abdullayev İftixar Nəsib oğlunu isə səhhəti ilə əlaqədar evində ziyarət edib. Rayon rəhbəri icra aparatının məsul əməkdaşları ilə birlikdə Yuxarı Salahlı kəndində olub, yaralımıza evində baş çəkib. İgid Vətən oğlunun səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımıza cansağlığı, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Yaralılarımız da öz növbələrində minnətdarlıq edib, razılıqlarını bildiriblər. Onlara olan yüksək dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.