"1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib".

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb:

"Minimum pensiya 14 dəfə artırılaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə  2,4 mlrd. manat ( 70 faiz) artım olub. 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir”.

Anar Kəlbiyev