Oktyabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı - 20 il” mövzusunda tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək ölkə Prezidenti İlham Əliyevin 20 illik fəaliyyəti dövründə, diqqət və qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini vurğulayıb. Rayon rəhbəri müstəqil Azərbaycanın bundan sonra da möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcəyini və çiçəklənəcəyini qeyd edib, bu yolda hər kəsə uğurlar arzulayıb.  

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, ötən 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz böyük tarixi qələbələr, uğurlar, nailiyyətlər qazandı.

Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi kafedrasının müəllimi Türkan Carçıyeva çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz xalqına, dövlətinə şərəflə xidmət edən dövlət başçısı olmaqla yanaşı, həmçinin, dünya azərbaycanlılarının lideri olduğunu vurğulayıb. Qətiyyətli liderin həyata keçirdiyi, məqsədyönlü siyasətlə atdığı addımların nəinki öz ölkəsində, həmçinin, dünyada uğurla tanındığını bildirib. 

YAP Qazax Rayon Təşkilatının məsləhətçisi Polad Ağakişiyev çıxış edərək Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə layiq görüldüyü, təltif olunduğu orden və medalları, yüksək təltifləri diqqətə çatdırıb. P.Ağakişiyev ölkə Prezidentinə verilən ən ali mükafatın isə xalq sevgisi, hörməti, ehtiramı olduğunu söyləyib. 

Partiya fəalı, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək xalqımıza Zəfər yaşadan Müzəffər Ali Baş Komandanla uşaqdan tutmuş böyüyə kimi hər kəsin qürur duyduğunu bir daha dilə gətirib.

Daha sonra tədbirin digər iştirakçıları çıxış ediblər.

Tədbirdə rayonun ictimai - siyasi həyatında fərqlənən bir qrup partiya fəalı YAP Qazax Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. 

Sonda xatirə şəkli çəkdirilib.