Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə həsr edilmiş “Azərbaycan son 20 ildə” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin professor-müəllim heyəti, eyni zamanda Nəsimi rayonunun elm, mədəniyyət və təhsil sahədində, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən gənc partiya üzvləri, ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək deyib ki, əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. O, bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb və Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilə nəzər salsaq, respublikamızın bütün sahələrində, xüsusilə də dövlət idarəçiliyində əldə olunan uğurların, sosial-iqtisadi nailiyyətlərin şahidi olarıq. Azərbaycan vətəndaşlarının gündəlik həyatında bu dinamik inkişafı hiss etdiyi mövcud siyasi kursun banısı ümummilli lider Heydər Əliyevin olduğunu və bu inamın, etimadın gündən-günə möhkəmləndiyini deyən başçı ölkənin son 20 ildə qazandığı misilsiz nailiyyətlərdən, o cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi sayəsində Azərbaycan Ordusunun tarixi qələbəsindən - torpaqlarımızın düşmən tapdağından azad olmasından danışıb. Çıxışı zamanı Asif Əsgərov xalqımızın yeganə güvənci və sabahının təminatı olan bu siyasi kursu birmənalı dəstəklədiyini vurğulayıb və alternativsiz seçim ünvanı kimi qəbul etdiyini deyib.

Müasir Azərbaycan dövlətinin inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov son 20 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün istiqamətlərdə dinamik inkişaf etdiyini bildirib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordu-Xalq birliyi nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızın azad olunması ilə Azərbaycanın dünya da həm də qalib ölkə kimi özünü təsdiq etdiyini qeyd edən dosent Vazeh Əskərov bundan sonra həmin torpaqlarda da qurub-yaratmağın, ölkəmizin daha da sürətlə inkişafına dəstək verməyin hər bir azərbaycanlının borcu olduğunu deyib. 

Dosent Vazeh Əskərov çıxışında dövlət başçısının təhsilin və tədrisin inkişafına göstərdiyi diqqətdən də söz açıb. O, bildirib ki, bu gün ölkəmizdə müasir çağırışlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərir və Azərbaycanda hazırda bütün sahələrdə, xüsusilə təhsil sahəsində aparılan islahatlar təhsilin, o cümlədən elmin zamanın tələblərinə uyğun inkişafına geniş imkanlar yaradır. 

Daha sonra ADNSU Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev  çıxış edərək Prezident İlham Əliyevin gənclərin savadlı və sağlam, o cümlədən dövlətinə, xalqına layıqlı vətənpərvər şəxsiyyət kimi formalaşması istiqamətində imzaladığı Fərman v Sərəncamların gənclər siyasətinin inkişafında əsas baza olduğunu bildirib. Ölkəmizdə gənclərin inkişafı üçün hər bir şəraitin yaradıldığını deyən C.Abdullayev Azərbaycan gənci olması ilə fəxr etdiyini deyib. 

Tədbirin sonunda partiya sıralarına yeni daxil olan bir qrup yeni üzvə partiya vəsiqələri təqdim edilib.