Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycanı müasir, güclü, qüdrətli ölkəyə çevirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olur.
Əlbəttə, son iyirmi ildə keçdiyimiz yola nəzər salsaq görərik ki, həqiqətən də ölkəmizin qazandığı uğurlar, əldə etdiyi misilsiz nailiyyətlər, yürütdüyü daxili və xarici siyasət, tarixi qələbələrimiz birmənalı olaraq xəyallarımızı gerçək edən liderin, tariximizi qızıl hərflə yazan Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Çünki onun rəhbərliyi dövründə xalqa verilən bütün vədlər uğurla yerinə yetirilib, Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub.
"Unikal" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov söyləyib.
O qeyd edib ki, bir zamanlar yalnız xəyal kimi gördüyümüz nəhəng enerji layihələri, ölkənin hər yerində aparılan abadlıq quruculuq işləri, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlərlə yanaşı, ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya quruluşumuzun tam təmin edilməsi artıq gerçəkliyə çevrilib.
Dövlətimizin başçısı İlham Əliyev prezidentliyi dövründə Azərbaycanı zəfərdən-zəfərə doğru apararaq ata vəsiyyətini, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallaşdırdı.
“Əminəm ki, hələ uzun illər Prezident İlham Əliyev xalqımızı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq. Heç şübhəsiz ki, bundan sonra da xalqımız daim İlham Əliyevin rəhbərliyi ilə sülh və firavanlıq şəraitində yaşayacaq”, - deyə İmamverdi İsmayılov vurğulayıb.