Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.
"Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.
Bu bina keçən əsrin 60-cı illərində inşa edilmişdir, Azərbaycan büdcəsi hesabına. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası idi. Buna partkom binası deyirdilər. Bu binada bir çox şəxslər oturub. Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə gördüyünüz binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi", - ölkə rəhbəri qeyd edib.