Oktyabrın 17-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Oktyabrın 17-si gündüzdən 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi oktyabrın 17-si və 19-da 15-20 m/s, arabir 23-25 m/s, 17-də bəzi yerlərdə arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 6-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;

Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay;

Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay;

Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;

Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

*** 12:30

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Gündüz güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.