“Qidalanma sağlam həyat tərzinin ən vacib aspektlərindən biridir. İnsan orqanizmində bütün orqan və sistemlərin normal fəaliyyəti qida və onun tərkibindəki komponentlərdən asılı olaraq tənzimlənir. Qida yalnız insanın mövcudluğunu deyil, həm də onun genetik yaddaşını formalaşdırır. Son onillikdə texnologiyanın inkişafı nəticəsində əhalinin həyat tərzində baş verən əhəmiyyətli dəyişikliklər insanın qidalanmasında dəyişikliklərə səbəb olub. Təəssüf ki, bu dəyişikliklərin hamısı müsbət deyil. Yəni yetkin əhalinin əksəriyyətinin qidalanmasında çox miqdarda heyvan yağı və sadə karbohidratların (şəkərlər) yer alması səbəbindən sağlam qidalanma prinsipləri pozulub”.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Atiqə Abdullayeva deyib. O, sağlam qidalanmağın insanın sağlamlığına təsir edən amillərdən biri olaraq insanın böyüməsini, normal inkişafını və həyat fəaliyyətini təmin edən, sağlamlığının möhkəmlənməsinə və xəstəliklərin qarşısının alınmasına kömək edən amil olduğunu vurğulayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, bütün xəstəliklərin 80 faizi bu və ya digər dərəcədə qidalanma ilə, 40 faizi isə birbaşa insanın qidalanma tərzi ilə bağlıdır. Qidalanma sağlam həyat tərzinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Sağlam qidalanmaq yalnız insanın özünü enerjili və aktiv hiss etməsinə səbəb olmur, bir sıra qeyri-infeksion xəstəliklərin - ürək-damar sistemi, mədə-bağırsaq problemləri və digər xəstəliklərin inkişaf riskini də azalda bilər”, - deyə mütəxəssis bildirib.

A.Abdullayeva müasir insanın son dərəcə balanssız qidalanmasına diqqət çəkib: “ÜST-nin məlumatında 2 milyarddan çox böyük insanların, təxminən 380 milyon uşaq və yeniyetmənin artıq çəkidən əziyyət çəkdiyi bildirilir. Bütün dünyada insanlar qidalanma zamanı nişastalı qidalara (çörək, kartof) 10 faiz, şəkərə 30-35 faiz üstünlük verir. Lakin bioloji dəyərli qidaları (meyvə-tərəvəz, süd məhsulları) lazımi qədər qəbul etmirlər. Ətlə qidalanma 25 faiz, südlə qidalanma 30 faiz, tərəvəz və meyvələrlə qidalanma isə 45-50 faiz azalıb. Qidalanmada kifayət qədər bitki və heyvan zülalları, sağlam pəhriz lifi, mikroelementlər (vitaminlər və minerallar) yoxdur, lakin yağlar, xüsusən də heyvan yağları, xolesterin və saxaroza həddindən artıqdır. Bir çox insanlar süfrə duzundan çox istifadə edirlər. Qadınlarda gündə 5 qram duz norma hesab olunsa da, bu səviyyə 2 dəfədən artıq, kişilərdə isə daha çox normanı aşır”.

Dosent A.Abdullayeva sağlam qidalanmanı pəhriz deyil, həyat tərzi kimi səciyyələndirərək, düzgün qidalanmağa alışmış insanın sağlamlıq probleminin öhdəsindən daha asan gələ bildiyini diqqətə çatdırıb: “Gün ərzində yeyilən qida qəbul saatlarına görə düzgün bölüşdürülməli, qidalanma rejiminə əməl edilməlidir. Gündə 3-5 dəfə, lakin az miqdarda qida qəbul etmək də düzgün qidalanmanın əsas qaydalarından biridir. Qidanı gün ərzində daim eyni saatlarda qəbul etmək daha məqsədəuyğundur. Qidalanmada qida qəbulu arasındakı fasilələr 4-5 saatdan çox olmamalı, son qida qəbulu yatmazdan 2,5-3 saat əvvəl istehlak edilməlidir.

Eyni zamanda, yağlı, qızardılmış, ədviyyatlı və turş qidaların miqdarı məhdudlaşdırılmalıdır. Həmçinin duz və şəkər qəbulunu azaltmaq, bitki mənşəli yağlara üstünlük vermək məsləhətdir. Adət edilmiş qidalardan dərhal imtina etməyin çətinliyini nəzərə alaraq, sağlam qidalanmaya tədricən keçmək olar. Qidaların kalori cədvəlini öyrənərək, gün ərzində enerji sərfiyyatını hesablamaqla sağlam qidalanma rejimi qurmaq mümkündür. Səhər yeməyi tam və müxtəlif çeşidli olmalıdır, qəhvə və pendirli sendviçlər kifayət deyil.

Duru yeməklər həzmi rahatladır və mədənin həddən artıq yüklənməsinin qarşısını alır. Qazlı sular istisna edilməklə, maye qəbuluna üstünlük verilməsi də sağlam qidalanmanın şərtlərindəndir. Çox miqdarda şirniyyat, xüsusilə də kremli və ya çox şokoladlı tortlar, xəmirli yeməklər tövsiyə olunmur.

Məşhur inancın əksinə olaraq, deserti yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Bu, iştahanı azaltmaqla həddindən artıq yeməyin qarşısını alır. Ancaq nahar və ya şam yeməyinin sonunda yeyilən meyvələrin həzm olunması çox uzun çəkir və bütün faydalı maddələrini itirmiş olur. Ona görə də yeməklər arasında və ya yeməkdən dərhal əvvəl alma, portağal və ya banan yemək daha yaxşıdır”.

Mütəxəssis qeyd edib ki, meyvə və tərəvəzlərdə orqanizm üçün çox lazım olan vitaminlər var. Tərkibində pektin və lif olan tərəvəzlər dolğunluq hissi yaradır, bağırsaqların işini tənzimləyir, toksinləri orqanizmdən xaric edir. Bunlara kələm, balqabaq, turp, pomidor, xiyar və yarpaqlı göyərti daxildir. Ancaq bütün gün ərzində yalnız meyvə və salat qəbulu məsləhət deyil, çünki bu, həzm prosesi ilə bağlı pozuntuya və digər problemlərə gətirib çıxara bilər.

Ayrı-ayrılıqda faydasına baxmayaraq, çox qarışıq tərkibli yeməklərdən, eyni vaxtda 3-4 növdən artıq məhsulu qarışdırmaqdan çəkinmək lazımdır. Məsələn, protein qidaları (ət, quş əti, balıq, dəniz məhsulları) ilə karbohidratlarla zəngin qidaları (taxıllar, çörək, kəpək, kartof, şirin meyvələr və giləmeyvə) eyni vaxtda qəbul etmək məsləhət deyil. Sürətli hazırlanan yemək növlərindən imtina etmək tövsiyə edilir.