Fransanın daxili işlər naziri Jerald Darmanen Brüsseldə iki İsveç vətəndaşının qətlə yetirilməsindən sonra Belçika ilə sərhəddə polis qüvvələrinin gücləndirilməsi barədə göstəriş verib. Eyni zamanda, bu gün Fransa və Şotlandiyanın futbol üzrə milli komandaları arasında oyunun keçiriləcəyi Lill şəhərinə də əlavə polis qüvvələri göndərilib.

"Unikal" xəbər verir ki, Jerald Darmanen, həmçinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin də hazırlıq vəziyyətinə gətirilməsini tapşırıb. Nazirin sözlərinə görə, Fransanın təhlükəsizlik qüvvələri fəaliyyətlərini belçikalı həmkarları ilə koordinasiya edir.

Qeyd edək ki, oktyabrın 16-da Belçikanın paytaxtında futbol üzrə İsveç millisinin iki azarkeşi güllələnib. İŞİD qruplaşmasınin üzvü olduğunu iddia edən cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olsa da, sonradan polis tərəfindən ağır yaralanaraq həbs edilib. Belçikanın Baş naziri Aleksander De Kroo və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen insidenti terror aktı adlandırıb.