Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
"Unikal" xəbər verir ki, müraciətdə deyilir:
“Möhtərəm Prezident!
Bu gün bütün vətəndaşlarımız, həmçinin xalqımızın hər bir nümayəndəsi, o cümlədən ölkəmizdən uzaqlarda yaşayan, qəlbi Vətən eşqi ilə döyünən soydaşlarımız Böyük Qələbənin sevincini yaşayır. Xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, yenilməz Ordumuzun rəşadəti, Sizin diplomatik səriştəniz və Ali Baş Komandan olaraq sərkərdəlik məharətiniz bizi uzun illər gözlədiyimiz parlaq Zəfərə qovuşdurdu. Bununla iki yüz illik münaqişədən, otuz illik müharibədən qalib ayrıldıq, haqq-ədalət öz yerini tapdı. İndi bir xalq olaraq başımız dik, alnımız açıqdır. Xoşbəxtik ki, biz öz torpaqlarımızın sahibiyik, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin olunub, ay-ulduzlu, üçrəngli müqəddəs bayrağımız Vətənimizin hər bir nöqtəsində - Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə dalğalanır. Bu mənzərəni seyr etmək bizi həm fərəhləndirir, həm də duyğulandırır.
Biz bu yerə zamanın axarı ilə deyil, Sizin gərgin zəhmətiniz, yorulmaz və möhtəşəm siyasi fəaliyyətiniz sayəsində gələ bilmişik. Prezident olaraq ilk gündən böyük amallar, ali dəyərlər, xalqımızın və dövlətimizin misilsiz nailiyyətlər uğrunda mübarizə apardınız, bu yolda bütün çətinliklərə sinə gərdiniz. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində apardığınız bütün danışıqlarda sülh naminə çalışdınız, bu yolda təcavüzkar dövlətin yalançı iddiaları, ikili standartlarla, böyük dövlətlərin cılız yanaşmaları ilə üzləşdiniz. Amma qətiyyətiniz, prinsipiallığınız, polad iradənizlə onların qarşısında diplomatik sədd çəkdiniz, milli maraqları hər şeydən üstün tutaraq heç bir güzəştə getmədiniz. Həmçinin atdığınız mühüm addımlarla düşmənə mənəvi-psixoloji sarsıntılar yaşatdınız və xalqımızda qələbəyə olan inamı artırdınız. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl Ordu quruculuğu strategiyasını əzmlə davam etdirdiniz. Elə bir Ordu formalaşdırdınız ki, onun Sizin peşəkar rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq beynəlxalq ictimaiyyətin dillər əzbəri oldu, tətbiq etdiyi taktika dünyanın nüfuzlu ali hərbi məktəblərinin nəzəri və praktiki tədrisinə çevrildi.
Müzəffər Ali Baş Komandan!
Qarabağda keçirilən son antiterror tədbirləri nəticəsində işğalçı dövlətin məhv edilmiş ordusunun tör-töküntüləri, qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edildi, separatçı qüvvələr, qondarma rejim təslim oldu və bunla ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi tam təmin edildi. Xankəndidə bayraq ucaltmaqla işğalçı dövlətin və separatçı qüvvələrin bütün xam xəyallarını dəfn etdiniz, yazdığınız hər səhifəsi qəhrəmanlıqla dolu Qarabağ salnaməsinin nöqtəsini qoydunuz. Ulu Öndər Heydər Əliyevin layiqli varisi olaraq, onun yarımçıq qalan arzularını gerçəkləşdirdiniz, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdiniz.
Bu gün biz fəxr edirik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində günü-gündən tərəqqi edən, şanı-şöhrəti dünyanı bürüyən, demokratiyanın bütün təzahürlərinin, siyasi sabitliyin, əmin-amanlığın bərqərar olduğu Qalib ölkənin vətəndaşlarıyıq.
Cənab Prezident!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar, o cümlədən həmkarlar ittifaqlarının üzvləri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, suverenliyinin qorunması, dövlətimizin daha da inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə Sizin ətrafınızda monolit qüvvə kimi birləşərək həmrəyliyini ifadə edir, daxili və xarici siyasətinizi dəstəkləyir”.