Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA RİO” markalı minik avtomobilinin idarəetməni itirərək dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2001-ci il təvəllüdlü Cabbarov Laçın Aqil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.