"Aviasiya sahəsində biletlər hava şirkətləri tərəfində qiymətlər dəyişir. Eyni gündə, eyni uçuşa olan biletlərin sinfindən asılı olmayaraq, qiymətlər dəyişir. Aviasiya sahəsi üzrə hər kreslonun uçuş qiyməti nəzərə alınır. Qiymətə təsir göstərən ən vacib faktorlardan biri yanacaq məsələsidir. Bəzən elə təəssürat olur ki, AZAL güzəştli qiymətlərlə yanacaq alır. Bu, belə deyil. Vaxtilə olub, amma bir müddətdir yanacağı tam dünya qiyməti ilə alırıq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, qiymətə təsir göstərən təyyarələrin alınması və onun saxlanması ilə bağlı xərclərdir: "Hava şirkətləri bir-biri ilə rəqabətdədir. Pilot hazırlığı, kabin heyətinin hazırlığı çox ciddi standartlar əsasındadır. Qətiyyən demək istəməzdim ki, bizim qiymətlər olduğu kimi qalasıdır. Bu gün analoji hava şirkətləri ilə müqayisə etsək, siniflər üzrə qiymətləri də götürsək, təəssürat yaranıb ki, qiymətlər həddən artıq yüksəkdir, bu, belə deyil. Misal üçün, bu il AZAL-ın 20 min biletinin 29 avrodan satışı həyata keçirilib. Ötən dəfə millət vəkilləri hava limanında olarkən göstərdik".

Anar Kəlbiyev