"Naxçıvana uçuş etmək üçün biletin olmaması və ya tapılmaması kimi bir problem ola bilməz".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Bu gün tələbdən asılı olmayaraq Naxçıvana təyyarə sayı dörddür, bəzi hallarda on dördə qaldırılır. Biz onları onlayn şəkildə bilet əldə etməyə çağırsaq da, insanlar əvvəlki illərin mənfi təcrübəsinə arxalanaraq müəyən vasitəçilərlə bilet axtarmağa çalışır. Axtararkən təbii ki, tapırlar. Çünki vasitəçilər də sayta daxil olaraq onlayn bilet əldə edirlər. Naxçıvana bileti hər gün tapmaq mümkündür. Hətta növbəti 10 gün üçün də bilet tapmaq olar. Bəzi hallarda isə görürük ki, biletlər alınıb, amma təyyarədə 20-30 nəfər sərnişin var. Bütün faktorlar müəyyən çətinliklərdir. Amma bu problem daimi bizim diqqətimizdədir. Naxçıvana biletin tapıla bilməməsi ilə bağlı qətiyyən problem görmürük".

R.Hümmətov qeyd edib ki, bu gün Naxçıvan xaric bütün istiqamətlər üzrə uçuşlar gəlirliliyi təmin edir: "Bu gün bizim zərərli istiqamətimiz demək olar ki, qalmayıb. Naxçıvan istiqamətində uçuşlar üçün dövlətdən subsidiya ayrılır, amma olan zərərin 1/6-ni təşkil etmir”.

Anar Kəlbiyev