Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Avropa İttifaqı gürcülərin ittifaqa daxil olmaq lehinə tarixi seçimini dəstəkləməli və respublikaya namizəd statusu verməlidir. 

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Brüssel ölkədə ona qarşı “anti-Avropa impiçmenti”nin başlanmasına baxmayaraq, bu addımı atmalıdır.

“Mən bu ölkənin prezidenti kimi tərəfdaşlarımıza müraciət edirəm, çünki mən bu xalqı və onların tarixi seçimini təmsil edirəm və bu insanlarla birlikdə və onların adından bu ölkəyə namizəd statusu istəməyə tam qanuni və səlahiyyətim var”, - Zurabişvili Gürcüstan parlamentində impiçment dinləmələrində çıxışı zamanı bildirib.

O əlavə edib ki, Aİ Rusiyanın “yumşaq gücdən istifadə etməklə bu regionda təsirini gücləndirməsinə” mane olmaq üçün respublikanı tərk etməməlidir. Zurabişvili vurğulayıb ki, o, impiçment prosedurunu ölkənin Avropaya inteqrasiyasına mane olmaq cəhdi hesab edir.

Gülayə Mecid