Ermənistanın həmin dəhlizi (Zəngəzur dəhlizi - red.) Azərbaycana verməsi ilə bağlı geosiyasi konsensus var.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.
Qəzetdə qeyd olunub ki, Zəngəzurda dəhliz açılması mövzusu bağlanmayıb: "Məsələ burasındadır ki, bütün geosiyasi mərkəzlər səslərini ucaltmaqda və o dəhliz haqqında danışmaqda davam edir.
Türkiyə və Azərbaycan hər dəfə bəyan edirlər ki, bu dəhliz açılmalıdır. Və heç bir başqa geosiyasi mərkəz o dəhlizin və ya yolun olmadığını elan etməyib. Belə bir təəssürat yaranır ki, dünyada Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı konsensus var, amma onun hansı sənəd əsasında, hansı statusda olması ilə bağlı konsensus yoxdur.
İndiyədək Nikol Paşinyan yol verəcəyini inkar etməsə də, dəhliz formalaşdırmaqdan yayınır. Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək görüş həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolunun hansı sənəd əsasında veriləcəyi orada qərarlaşdırılacaq.
Beləliklə, vəziyyət onu göstərir ki, Ermənistanın həmin dəhlizi Azərbaycana verməsi ilə bağlı geosiyasi konsensus var, lakin Qərb heç bir halda onun Rusiyanın nəzarətində olmasını istəmir. Bununla belə, dəhliz olmalıdır. Hansı qiymətə və kimin nəzarətində olacağına bu ayın sonunda Brüsseldə aydınlıq gələcək".
Ağarza Elçinoğlu