Prezident İlham Əliyev Azərbaycan qadınlarının VI qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
"Unikal" xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli qurultay nümayəndələri!
Əziz xanımlar!
Sizi Azərbaycan qadınlarının VI qurultayının açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması dərin məna daşıyır. Ümummilli Lider qadınlarımızın ictimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə və dövlət qurumlarında geniş təmsil olunmalarına həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başlatmışdır. Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir.
Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir.
Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır.
Əminəm ki, qurultayınız aktual mövzulardakı ətraflı müzakirələri və dəyərli tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatını milli prioritetlərdən irəli gələn vəzifələrin layiqincə həllinə istiqamətləndirəcəkdir".
***10:33
Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
"Unikal"ın xəbərinə görə, müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.