İsraildə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 66 faizi oktyabrın 7-də buraxılan səhvlərə görə baş nazir Benyamin Netanyahunun müharibədən sonra istefa verməsini istəyir.

"Unikal" xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzeti ölkədə 18 yaşdan yuxarı 1442 nəfərin iştirak etdiyi rəy sorğusunun nəticələrini paylaşıb.

Sözügedən sorğuya görə, respondentlərin 75 faizi HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən başlanan Əl-Əqsa hücumlarında baş nazir Netanyahunun İsraildəki təhlükəsizlik boşluğundan məsuliyyətli olduğuna inanır. 

Rəyi soruşulanların 66 faizi Netanyahunun müharibədən sonra istefa verməsini, 34 faizi isə müharibədən sonra İsrail parlamentinin buraxılmasını və ümumi seçkilərin keçirilməsini istəyir.

Əvvəlki seçkilərdə Netanyahunun Likud partiyasına səs verdiyini deyənlərin 45 faizi seçkilərin müharibədən dərhal sonra keçirilməsini istəyir.

“Yedioth Ahronoth” qəzeti bu gün dərc etdiyi xəbərdə blokada altındakı Qəzza zolağında baş verən hazırkı hadisələrlə bağlı Netanyahu ilə İsrail ordusu arasında etimad böhranı olduğunu yazıb.