Şəki Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vətən müharibəsi iştirakçısı Əhməd Ağabalazadənin barəsindəki hökmdən verilən şikayətə baxılıb.
"Unikal" xəbər verir ki, bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Elşad İsayev məlumat verib.
Onun sözlərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Ağabalazadəyə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Vəkil bildirib ki, Ə.Ağabalazadə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilib və barəsində Şamaxı Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
İş məhkəməyə göndərilsə də, müdafiə tərəfinin vəsatətinə əsasən, məhkəmənin hazırlıq iclasında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə işin ibtidai istintaqı zamanı kobud qanun pozuntularına, o cümlədən müdafiə hüququnun kobud pozulmasına yol verildiyi üçün iş istintaqa qaytarılıb.
Bundan sonra istintaq orqanı tərəfindən məhkəməyə uzadılma ilə bağlı yenidən təqdimat verilib, məhkəmə həbsdə saxlama müddətini əlavə olaraq 3 ay uzadıb. Həmin qərardan müdafiə tərəfi şikayət verib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Şamaxı Rayon Məhkəməsinin qərarı ləğv olunub və həbsdə saxlama müddəti bir ay uzadılıb ki, müstəntiq işi aidiyyəti üzrə göndərsin. Lakin bütün bunlara baxmayaraq, istintaq orqanı yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı Şamaxı Rayon Məhkəməsinə müraciət edib, məhkəmə yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.
Müdafiə tərəfi həmin qərardan apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edərək təqdimat vəsatəti rədd edib, birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərar və təqsirləndirilən şəxsin həbsdən azad olunması barədə ayrıca qərar qəbul edib.
Lakin Şamaxı Rayon Prokurorluğu işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərib və məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilib.
Həmin hökmdən müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb və təmin edilib. Vətən müharibəsi iştirakçısı barədə bəraət hökmü çıxarılıb.
Məhkəmənin qərarı ilə işi aparan müstəntiq və Şamaxı rayon prokuroru barədə xüsusi qərar qəbul edilərək tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.