Çinin və Birləşmiş Ştatların hakimiyyət orqanları noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ölkələrinin sammitinin baş tutacağı San-Fransisko şəhərində ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüşün keçirilməsi üçün qarşılıqlı fəaliyyət göstərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Çinin XİN naziri Van İ ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında keçirilən görüşün nəticələrinə dair məlumatda bildirilir ki, tərəflər iki ölkə liderinin San-Fransisko şəhərində görüşünün təşkili üçün birgə fəaliyyət barədə razılığa gəliblər.
Qeyd olunur ki, Van İ və Ceyk Sallivan bir sıra vacib beynəlxalq məsələlər, o cümlədən yüksək səviyyəli təmasların davam etdirilməsi barədə məzmunlu və konstruktiv dialoq aparıb.