Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsi tərəfindən CM- nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəhid qardaşı, Sərhəd Qoşunlarının giziri Cəfərov İsmayıl Vaqif oğluna bəraət verilib.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat yayıb. 

Xatırladaq ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt yolunda baş verib. İ.Cəfərov idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışan piyadanı vurub. Xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Bakı Hərbi Məhkməsinin hökmü ilə İ.Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Qeyd edək ki, hərbçi olan İ.Cəfərov Vətən müharibəsi şəhidi Oruc Cəfərovun qardaşıdır.