Elm və təhsil naziri Emin Əmrullayev UNEC-də yeni yaradılmış Rəqəmsal Mətbəənin, Karyera Mərkəzinin və Müzakirə zalının açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, açılışdan öncə nazir Emin Əmrullayev və rektor professor Ədalət Muradov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad  ediblər.

Sonra Emin Əmrullayev UNEC-in yeni qurulan Rəqəmsal Mətbəəsi ilə tanış olub. Nazirə bildirilib ki, mətbəə kitab və jurnalların çap edilməsi, cildlənməsi, eləcə də bütün növ materialların üzərində promo məhsulların hazırlanması üçün ən müasir tələblərə cavab verən, yüksək sürətli  avadanlıqlarla təchiz edilib.

Nazir İmtahan zalına da baxış keçirib. İmtahan zalında 200 nəfərin eyni anda imtahan verməsi üçün bütün şərait yaradıldığı qeyd olunub.

Emin Əmrullayev yenilənmiş və müasir texnologiyalarla təchiz olunmuş Karyera Mərkəzi ilə də tanış olub. Nazirə məlumat verilib ki, mərkəzdə korporativ təlimlərin keçirilməsi, dövlət və özəl sektorların nümayəndələri ilə görüşlərin təşkili, karyera ilə bağlı müzakirələrin aparılması üçün geniş imkanlar mövcuddur.

Sonra müasir tələblərə cavab verən yeni Müzakirə zalında nazir Emin Əmrullayev, rektor Ədalət Muradov, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb. Rektor Ədalət Muradov Qarabağda UNEC-in filialının açılmasını təklif edib.