Almaniya Prezidenti Frank-Valter Ştaynmayer onun ölkəsi tərəfindən Tanzaniyada törədilən müstəmləkə cinayətlərinə, xüsusilə XX əsrin əvvəlində Maci-Maci qiyamı zamanı 300 min insanın qətlə yetirilməsinə görə üzr istəyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Frank-Valter Ştaynmayer bu sözləri Maci-Maci qiyamı qurbanlarının nümayəndələri ilə görüşdə söyləyib.

“Mən almanların sizin əcdadlara qarşı etdiklərinə görə üzr istəyirəm. Burada baş verənlər bizim ümumi tariximizdir, sizin əcdadlarınızın tarixidir, bizim Almaniyadakı əcdadlarımızın tarixidir”, - deyə o bildirib.

Qeyd edək ki, Maci-Maci üsyanı Almaniyanın yerli əhalini ixrac üçün pambıq yetişdirməyə məcbur etmək siyasətinə etiraz olaraq baş verib.

Xatırladaq ki, 2021-ci ildə Almaniya bir əsrdən çox əvvəl Afrikanın cənub-qərbində alman imperiyasının müstəmləkə hakimiyyəti dövründə Namibiyanın yerli xalqları olan herero və namlara qarşı törədilmiş soyqırımı faktını rəsmən tanıyıb.