Moskva Ermənistanın Maltada Ukrayna ilə bağlı konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

"Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, o zaman biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk. Və təəssüf ki, respublikanın hazırkı rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi qəsdən israrla pozur", - diplomat bununla bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maltaya işgüzar səfərə gedib və orada "Malta. Sülh qətnaməsi" iclasında çıxış edib.

Maltada Qriqoryanla Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak arasında görüş də keçirilib.

Ağarza Elçinoğlu