İstanbulda polis beynəlxalq silahlı mütəşəkkil cinayətkar “Komançero” qruplaşmasının liderlərindən biri Həsən Ayık, eləcə də təşkilatın daha 37 üzvünü həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, “Komançero”ya daxil olan dəstələrin rəhbərləri türk və xarici təşkilatların rəhbərləri və üzvləri ilə birlikdə Türkiyəyə gələrək Cənubi Amerikadan Avstraliya, Hollandiya və Honq-Konqa narkotik çatdırmağa cəhd ediblər. Onlar həmçinin çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Nəşr qeyd edib ki, Ayık Avstraliya və ABŞ hakimiyyəti tərəfindən axtarışa verilib. Mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərliyi və üzvlərinin saxlanılması üçün İstanbulda “Qəfəs” əməliyyatı elan edilib.

İstintaq təşkilatın 55 şübhəlidə tapılan təxminən 4,5 milyard türk lirəsi (təxminən 160 milyon dollar) dəyərində aktivlərinə həbs qoyub. Bu aktivlərə bank hesabları, daşınmaz əmlak, nəqliyyat vasitələri və 22 şirkətin səhmləri daxildir.

Gülayə Mecid