"Azərbaycanda böyük qayıdış yalnız işğaldan azad edilmiş ərazilərə deyil, bütün bölgələrimizə qayıdışı ehtiva etməlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
"Hökumət böyük şəhərlər siyasətini işə salmalıdır. Türkiyədə daha çox şəhərləşmə prosesi gedir. Vətəndaş bütün təminatı bölgələrdə almalıdır ki, Bakıya üz tutmağı dayandırsın", - deyə deputat bildirib.
Onun sözlərinə görə, Abşeron rayonunda əhalinin sıxlığı o qədər çoxdur ki, 216 min nəfər qeydiyyatdan kənar orada məskunlaşıb: "Bu, özünü məktəblərin vəziyyətində göstərir. Məsələn, Naxçıvanda bir məktəbdə təhsil alan şagirdlərin sayı nəzərdə tutulandan 35 % azdırsa və bu, 100-120 min insanın ordan çıxıb getməyi deməkdirsə, Abşeronda bu sahədə vəziyyət tam əksinədir. 1380 yerlik məktəbdə 6177 şagird təhsil alır. Təsəvvür edin ki, bu təhsil sistemi üçün nə cür yüklənmədir və bölgənin demoqrafik balansının pozulmasıdır".
Anar Kəlbiyev