"Səhiyyə üzrə dövlət proqramlarına 265 milyon manat ayrılıb. Cari illə müqayisədə 20 milyon artım var. Sənədlərdə bu proqramların adı da öz əksini tapıb. Nəzər salsaq görərik ki, ən ağır patalogiyalar öz əksini tapıb. Bu vəsaitlə ağır patalogiyaları müalicə etmək mümkün deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, səhiyyə büdcəsinin 73,5 faizi icbari tibbi sığortaya yönəlir: "Tədricən bu proqramları icbari tibbi sığortaya keçirmək lazımdır. Bu məbləğlə ağır patalogiyaları adekvat müalicə etmək mümkün deyil".
Deputat qeyd edib ki, onkoloji xidmət üçün dövlət büdəcsindən 50 milyon manat vəsait ayrılıb: "Lakin onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün həmin vəsait azdır. Həmin vəsaitlə onkoloji xəstəliyi müalicə etmək mümkün deyil. Həmin məbləğ onkoloji xəstəlikdən əziyyət çəkənlərin dərmanlarına çatan məbləğ deyil. Təbii ki, bu artımı hökumət və Maliyyə Nazirliyindən gözləmirik, amma arta da bilər. Bu məsələnin həlli yolu onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmasıdır".
Anar Kəlbiyev