Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Pakistanın Cənubda Dayanıqlı İnkişaf üzrə Elm və Texnologiya Komissiyası (COMSATS) ilə əməkdaşlığı çərçivəsində yeni təlim proqramına start verilib.
"Unikal" xəbər verir ki, Azərbaycanın qabaqcıl universitetlərində tələbələr arasında seçim prosesi baş tutub və onların qiymətləndirilərək proqrama cəlb olunması COMSATS tərəfindən həyata keçirilib. Seçilmiş 60 tələbə “Süni intellekt” və “Proqram təminatı keyfiyyətinə nəzarət” üzrə ixtisaslaşmış təlim proqramında tam təqaüdlü iştirak haqqı qazanıb.
Tədris proqramı 10 həftəni əhatə edir. İlk 6 həftə hərtərəfli nəzəri biliklərin öyrədilməsinə, növbəti 4 həftə isə intensiv layihə işi ilə tələbələrə öz bacarıqlarını real dünya ssenarilərində tətbiq etməsinə sərf olunacaq. 23 oktyabrdan etibarən başlayan dərslər Bakı Ali Neft Məktəbinin və ADA Universitetinin əsas korpuslarında keçirilir.
Texniki təlimdən əlavə, proqrama karyera inkişafı, xüsusilə beynəlxalq bazarda iş imkanları haqqında sessiyalar daxildir. Proqramı uğurla bitirən tələbələr COMSATS tərəfindən beynəlxalq sertifikat əldə edəcəklər.
Təlimlər 29 dekabr tarixinə kimi davam edəcək.
Bu təşəbbüs Azərbaycanın qlobal İKT landşaftında mövqeyini möhkəmləndirir, ixtisaslı mütəxəssislərin yetişməsinə kömək edir və ölkənin texnoloji tərəqqisinə və innovasiyalarına əhəmiyyətli töhfə verir.
Tam təqaüd və hərtərəfli təlim verməklə proqram istedadlı tələbələrə effektiv tədris imkanlarını daha əlçatan edir. Nəzəri və praktiki biliklərlə yanaşı, uğurlu karyera qurmağı təşviq edən proqramın əsas hədəflərindən biri də yüksək ixtisaslı İKT mütəxəssisləri yetişdirmək və müvafiq sahədə yaranan kadr boşluğunu aradan qaldırmaqdır.
COMSATS ilə tərəfdaşlıq, həmçinin Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulayır, dünyanın müxtəlif ölkələrindən olan əhəmiyyətli qurumlar və ekspertlərlə əlaqələri gücləndirir. Bu da ölkənin qlobal mövqeyi və bilik mübadiləsi üçün çox vacibdir.
Qeyd edək ki, COMSATS-a üzv olan 26 ölkə ilə birlikdə elmin və müasir cihazlardan istifadənin köməyi ilə əhalinin yaşayış keyfiyyətini daha da yaxşılaşdırmaq istiqamətlərində layihələr icra edilir. Təşkilat Yaxın və Orta Şərqdə bu cür layihələrdə xüsusi fəallıq göstərərək İKT sənayesinin bu regionda inkişaf etdirilməsi baxımından davamlı təlimlər və seminarlar keçirir. Cari ilin iyul ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.