Noyabrın 2-si İran İslam Respublikasının sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyənləşdirilib ki, dövlət sərhəd xətti yaxınlığında Azərbaycan Respublikası ərazisində narkotik vasitələr gizlədilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Unikal"a verilən məlumata görə, qurumun Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kiloqram 345 qram marixuana və 0,305 qram metamfetamin) aşkarlanaraq götürülüb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.