8 noyabr - Zəfər günü ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidlərinin və lokal antiterror əməliyyatı nəticəsində şəhid olmuş hərbçilərin ailələri ilə Samux Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüş zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Unikal" xəbər verir ki, şəhid valideynləri qarşısında çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, şəhidlərimizin döyüşlər zamanı göstərdiyi şücaətdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğını vurğulayaraq Azərbaycan xalqının hər zaman öz şəhidlərini böyük ehtiramla yad etdiyini bildirib.
Tədbirdə çıxış edən şəhid valideynləri İlham Məmmədov, Cəsur Mürsəlzadə, Rövşən Nuriyev, Gülnaz Şəfiyeva övladları ilə fəxr etdiklərini, dövlətin onlara olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu və ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq ölkənin bütün rayon və şəhərlərində olduğu kimi Samux rayonunda da şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.