Hamburq hava limanındakı silahlı şəxs polisə təslim olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, maşından düşüb, uşağı buraxıb və müqavimət göstərməyib.

“Girovlarla bağlı vəziyyət həll olunub. Şübhəli şəxs qızı ilə birlikdə maşından düşüb. Həmin şəxs müqavimət göstərmədən saxlanılıb. Uşaq xəsarət almayıb”, – Hamburq Polis İdarəsindən bildiriblər.

*** 11:34

Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.

"Unikal" alman mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 20.00-da baş verib.

Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.

Hadisə yerinə Hamburq polis qüvvələri cəlb olunub, həmin şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir. Kişinin yanında minimum bir uşaq olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir.