Xəbər verdiyimiz kimi, Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib.

"Unikal" xəbər verir ki, Özgür Özel siyasi səhnənin tanış simalarındandır. Əsas peşəsi əczaçılıq olan Özel 1974-cü ildə Manisada anadan olub.

Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsilini başa vuran Özel 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb. Özel 2001-2007-ci illər arasında Manisa Əczaçılar Birliyində iki dövr baş katib və palata sədri, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində bir dövr xəzinədar və iki dövr baş katib vəzifələrində çalışıb. 2009-cu ildə yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyasından seçilən Özel Manisa Bələdiyyə başçılığına namizəd olsa da, seçilə bilməyib.  

O, ilk dəfə 2011-ci il seçkilərində CHP Manisa millət vəkili olaraq parlamentə daxil olub. Özel 2014-cü ildə yerli seçkilərdə eyni partiyadan Manisa Böyükşəhər Bələdiyyə Başçılığına namizəd olub, lakin bir daha seçilməyib. 

O, 2015-ci ilin iyun və 2015-ci ilin noyabrında keçirilən Türkiyə Ümumi Seçkilərində CHP-nin Manisa millət vəkili olaraq yenidən parlamentə daxil olub. Cümhuriyyət Xalq Partiyasının 18-ci Fövqəladə Qurultayında CHP partiyasının məclis üzvü seçilib. Millət vəkili olduğu müddətdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komissiyası və CHP Həbsxanaları Araşdırma Komissiyasının üzvü olub. Özel 24 iyun 2015-ci ildə CHP qrup sədr müavini seçilib. O, Müasir Jurnalistlər Dərnəyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən verilən 2015-ci ilin Uğur Mumcu İlin Siyasətçisi Mükafatını alıb.

Özel 13 illik Kılıçdaroğlu dönəminin ardından dünən 812 səslə CHP-nin yeni lideri seçilib. Evli və bir övladı olan Özel alman və ingilis dillərini mükəmməl bilir.