Nobel Sülh Mükafatının builki laureatı, İran həbsxanasında olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi aclıq aksiyası elan edib.

"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

"Bu gün Evin həbsxanasından Nərgiz Məhəmmədi ailəsinə bir neçə saat əvvəl aclıq aksiyasına başladığını bildirib. Biz onun fiziki durumu və sağlamlığından narahatıq", - hüquq müdafiəçisinin ailəsinin bəyanatında deyilir.

Qeyd olunur ki, Məhəmmədi məhbuslara tibbi xidmətin məhdudlaşdırılmasına etiraz edir, həmçinin İslam Respublikasında qadınların hicab taxmaq məcburiyyətinə qarşı çıxır.

Nərgiz Məhəmmədi 2023-cü il üçün Nobel Sülh Mükafatına İranda qadınların zülmü ilə mübarizəyə və hamı üçün insan hüquq və azadlıqlarının təşviqinə görə layiq görülüb. Məhəmmədi İran rejimi tərəfindən 13 dəfə həbs edilib, 5 dəfə mühakimə olunub və nəticədə 31 il həbs və 154 şallaq cəzasına məhkum edilib.

Gülayə Mecid