"Turan Tovuz", "Qəbələ", "Neftçi" və "Sabah" klubları cərimələnib.
"Unikal" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
"Sabah"ın futbolçusu Emmanuel Apeh XII turda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəza alıb. 27 yaşlı hücumçu klubunu 500 manat ziyana salıb.
"Turan Tovuz" isə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Həmin qarşılaşmada bölgə təmsilçisinin fanatları baş hakimin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 500 manat cərimə kəsilib.
İntizam Komitəsi "Neftçi" və "Qəbələ"ni isə 700 manat cərimələyib. Qəbələdə keçirilən oyunda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu matçda "ağ-qaralar" 2:0 hesablı qələbəyə seviniblər.