"Səfərə 3 xal üçün yollanırıq. Bakıda bizi çox çətin oyun gözləyir. “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirəm".
"Unikal" xəbər verir ki, bunu Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso deyib. 41 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”ə 7:1 hesabı ilə qalib gəldiyi matçı izlədiyini bildirib:
"Bu, ölkə çempionatının oyunu idi. Avropa Liqasında matçlar fərqli keçir. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun göstərəcək. Almaniyaya uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.
X.Alonso Bakıdakı matça ciddi itki ilə çıxacaqlarını qeyd edib: "Qapını Matey Kovarj qoruyacaq. Edmond Tapsoba isə əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq. Bakıya uzun səfər komandaya mənfi təsir etməyəcək. Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də yol amilinin çətinlik törətməyəcəyini düşünürəm”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.