"Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarından biri də guya Azərbaycanın Rusiya qazını Avropaya nəql etməsidir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dünən keçirilən müzakirələrdə və eləcə də Avropa Parlamentinin bir sıra üzvləri ilə görüşlərdə bu məsələni müzakirə ediblər:
"Təəssüf ki, bu qərəzli iddianı irəli sürənlərin heç birinin hər hansı faktı və real statistikası yoxdur. Bu sadəcə saxta, qərəzli iddiadır və reallığa əsaslanmır. Rusiya-Ukrayna müharibəsindən əvvəl 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43.9 milyard kub metr olub. Bu o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə Azərbaycan Avropaya 12.0 milyard kub metr qaz ixrac etmək imkanına malik ola bilirdi. 2022-ci ildə qaz hasilatı 46,7 milyard kubmetr olub və 2023-cü ildə hasilatın 48.7 milyard kub metr olacağı gözlənilir. Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb və bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin".
Deputat qeyd edib ki, 2022-ci ildə Azərbaycan cəmi 1 milyard kub metr qaz idxal edib və onun cəmi 10.0 faizi Rusiyanın payına düşüb: "İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq, Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur. Şahdəniz-2, Abşeron və yeni digər yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını 2 dəfə artırmağa imkan verir. Mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir".
V.Bayramovun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kub metr olması gözlənilir ki, onun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək:
"Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Aİ, hətta digər tərəfdaşların qaz istehlakına töhvə verməyə imkan verir. Nəhayət, 2022 və 2023-cü illərin soyuq qışında Avropanın enerji təhlükəsizliyinə dəstək verən Azərbaycanın töhvəsini qiymətləndirə bilməyən Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa bu qış istilikdən istifadə edəndə şükür etsinlər".