"Azərbaycanda əmək bazarında keyfiyyət dəyişiklikləri müşahidə edilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, bu ilin son doqquz ayında yaradılan iş yerlərinin təxminən 93,4 %-i özəl sektorun payına düşüb:
"2023-cü ilin birinci yarısında yeni yaradılan fərdi sahibkarların sayı bütövlükdə 2022-ci ildə yaradılan fərdi sahibkarların ümumi sayının 81 %-ni keçib. Bu o deməkdir ki, ölkədə həm də fərdi sahibkarların daha çox yaradılması ilə bağlı stimulun olması bu istiqamətdə də keyfiyyət dəyişikliyinə gətirib çıxarıb”.
Komitə sədri əlavə edib ki, Dünya Bankı Orta Dəhlizin potensialı ilə bağlı geniş araşdırma aparıb və gələn ay artıq araşdırmanın ilkin nəticələri təqdim ediləcək: "Amma ümumi rəy olaraq 2030-cu ilə qədər Orta Dəhlizin artım potensialının üç dəfədən çox artması ilə bağlı rəqəmlər artıq elan edilib. Bu o deməkdir ki, Azərbaycan nəinki daxili iqtisadi mühit, eyni zamanda xarici iqtisadi əlaqələrlə də bağlı gələcəkdə kifayət qədər gəlir əldə etmək imkanına sahib olacaq. Bu da əslində növbəti üç və daha sonrakı illərdə büdcə gəlirlərinin daha çox artmasına imkan yaradacaq amillərdən biridir”.
Anar Kəlbiyev