Bir çox insan bu gün daha uzun yaşasa da, 80 və daha yuxarı yaşda olan xüsusi bir qrup insan var ki, onlar daha aktiv və sağlam həyat tərzinə malikdirlər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Arizona ştatının 100 yaşlı sakini gümrahlığı ilə alimlərin diqqətini çəkib. Elm adamları onun uzun sağlam ömür sürməsinə nəyin töhfə verdiyini öyrənmək üçün tədqiqata başlayıblar.
100 yaşlı Doroti Busek öz varlığı ilə istənilən ortamı işıqlandırır. O, dəblə geyinməyi və həyatı sevdiyini açıqlayıb. Arizonaya köçməzdən əvvəl o, mərhum əri Corc Buseklə Çikaqoda yaşayıb. Amerikalı qadın 9 uşaqlı böyük bir ailədə böyüyüb.
Busekin dediyinə görə, o, ördək, köftə və duzlu kələm yeyirmiş və 10 yaşından sonra ailəsinin icazəsi ilə bir stəkan qırmızı şərab içməyə başlayıb.
Busek həmişə sağlam qidalandığını, kifayət qədər yuxu aldığını, hər gün qəzet oxuduğunu, aktiv həyat tərzi sürdüyünü və həmişə ünsiyyətcil insan olduğunu bildirib. Bu gün o, Çandlerdəki qocalar evində yaşayır və hələ də özündən çox kiçik insanlarla rəqs etməkdən həzz alır.